Göyçay rayonunda əmək yarmarkası keçirilib
Yarmarkanın açılış mərasimində çıxış edən rayon məşğulluq mərkəzinin direktoru Namiq İsmayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Kamil Həsənov, rayon icra hakimiyyətinin məsul işçisi Rauf Zeynalov, Göyçay Regional Peşə Tədrisi Mərkəzinin direktoru Bəhman İmranov ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açıblar.
Əmək yarmarkasında iştirak edən vətəndaşlara 8-i dövlət, 10-u özəl olmaqla 18 idarə, müəssisə və təşkilat tərəfindən 132 boş iş yeri təqdim olunub. İş yerlərindən 54-ü dövlət, 78-i özəl təşkilatların payına düşür. Boş iş yerlərinin 16-sı qulluqçu, 65-i fəhlə, 51-i xidmət sahələrini əhatə edir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif olunub.
Yarmarkada iştirak edən 230 nəfər işaxtaran vətəndaşdan 55-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Həmçinin 42 nəfər peşə hazırlığı kurslarına cəlb edilib, bir nəfər kvota yerinə işə cəlb olunub.