Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Göyçayın Qızılağac kəndində tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib

27 sentyabr 2014 | 15:00

 

      Senytabrın 27-də Göyçay rayon İcra Hakimiyyətində Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Qızılağac kəndində tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
     Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, “Yerli idarəetməyə yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev iştirak edib. İcra başçısı Mənsur Məmmədov səfirə rayonun coğrafi şəraiti, tarixi, sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işləri, əhalinin məşğuliyyəti barədə məlumat verib. Narçılığın inkişafı ilə bağlı son illər Göyçayda görülən işlər barədə məlumat verən icra başçısı səfir Tsuquo Takahaşini noyabrda keçiriləcək növbəti nar bayramına dəvət etdi.  Tədbirdə məlumat verildi ki, ümumi dəyəri 103.077 ABŞ dolları olan layihə çərçivəsində Qızılağac kəndində yerli əhali və ətraf yaşayış məntəqələrinin sakinləri üçün yeni tibb məntəqəsinin tikilməsi nəzərdə tutulur. Qeyd edildi ki, layihənin icrası kənddə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək.
       Səfir çıxışında bildirdi ki, Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Göyçayda 6 layihə həyata keçirilib. Belə ki, 2002-ci ildə rayonda sel və daşqının nəticələrinin aradan qaldırılması, Göyçay şəhərinin su təchizatı sisteminin təkmilləşdirilməsi, 2003-cü ildə Alpoud kəndində məktəb binasının inşası, 2010-cu ildə təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının binasının əsaslı təmiri, 2012-ci ildə Göyçay şəhər internat məktəbində gigiyenik şəraitin yaxşılaşdırılması və Qızılağac kəndində tibb məntəqəsinin inşası ilə bağlı keçirilən layihələrə ümumilikdə 547.280 ABŞ dolları məbləğində vəsait ayrılıb. Proqram çərçivəsində ölkəmizdə isə ümumilikdə 186 layihə həyata keçirilib. Həmin layihələrin icrası üçün 15.614.954 ABŞ dolları məbləğində vəsait sərf edilib.
       Çıxışlardan sonra Göyçayda tibb məntəqəsi binasının inşası ilə bağlı icra olunacaq layihə üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

Keçidlər