Göyçay rayon təhsil işçilərinin konfransı keçirilmişdir
Göyçay rayon təhsil işçiləri sentyabr konfransında 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Göyçay təhsil şöbəsinin müdiri Asif Nəbiyev məlumat verib ki, ötən tədris ilində məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi, elektron dərsliklərdən istifadəyə diqqətin artırılması məqsədi ilə mühüm addımlar atılıb. Təhsil islahatları davam etdirilib. Rayon məktəbliləri respublika fənn olimpiadalarında, müxtəlif bilik və idman yarışlarında, ali məktəblərə qəbul imtahanlarında mühüm uğurlar əldə ediblər. 311 nəfər göyçaylı gənc tələbə adını qazanıb. 12 nəfər 600-dən,52 nəfər 500-dən yuxarı bal toplayıb. Orta ixtisas məktəblərinə isə 89 məzun qəbul olunub. Bu ilki abituriyentlərdən 1 nəfər Prezident Təqaüdünə layiq görülüb. Rayon təhsil şöbəsinin müdiri otra ümumtəhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı barədə də məlumat verib. Bildirib ki, sentyabrın 15-də Müskürlü və Qəbələ-Müskürlü kəndlərinin şagirdləri növbəti dərs ilini yeni inşa olunmuş müasir məktəb binalarında qarşılayacaqlar. Konfransda diqqətə çatdırılıb ki, məktəblər 12200 adda 64125 nüsxə dərsliklə, məktəbli partası, kitab şkafı, yazı lövhəsi və digər avadanlıqlarla təmin olunub. Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov yeni dərs ilinin başlanması münasibəti ilə pedaqoji ictimaiyyəti təbrik edib. Bildirib ki, son 10 ildə rayonda 12 yeni məktəb binası tikilib, 8 tədris ocağı əsaslı təmir olunub. Bütün bunlar ilk növbədə kənd məktəblərində tədrisin keyfiyyətinə müsbət təsir göstərib. Konfransın sonunda göyçaylı müəllimlər adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.