Göyçay məktəbliləri maarifləndirici tur-aksiyanın onlara yeni dərs ilində yaxşı təhsil almaları üçün stimul verəcəyinə əmindilər
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Göyçay rayonundan olan iştirakçıları sentyabrın 3-də İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola düşdülər.
Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etdilər. Şəhərin mərkəzi meydanında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə etdikləri nəzəri biliklərin təcrübi möhkəmləndirilməsində mühüm rol oynayır. Mərasimdə çıxış edən təhsil işçiləri və valideyinlər gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açdılar. Qeyd edildi ki, məktəblilər 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəkinin tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar. Müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda ilk dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzuladılar.
Ekskursiya qrupunun rəhbəri Cəfər Əliyev, Göyçay şəhər 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayeva, 3 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Şəhanə Həmidova bu tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Şegirdlər dedilər: “Bu maarifləndirici tur-aksiya zamanı hər bir şagird ölkəmizin görməli yerlərini tanımaq, tarixi, adət-ənənələri, maddi- mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Biz turizm obyektlərini və tarixi abidələri, ölkəmizin bölgələrində gedən sürətli sosial-iqtisadi inkişafı öz gözlərimizlə görəcəyik. Eyni zamanda bu səyahət yeni tədris ili ərəfəsində bizdə yüksək əhval-ruhiyə yaradacaq ki, bu da təhsildə yaxşı nailiyyət əldə etməyimizə bir stimul verəcək”.
Çıxışlardan sonra 40 nəfər göyçaylı məktəbli hər cür şəraiti olan avtobusla İsmayıllı rayonuna yola salındı. Məktəblilər yüksək təşkilatçılıq qabiliyyətinə malik nəzarətçi müəllimlərlə və həkimlə təmin olunublar.