Göyçayda 2014-cü ilin birinci yarısının yekunları müzakirə edilmişdir
Göyçay rayon İcra Hakimiyyəində 2014-cü ilin birinci yаsrısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda ötən 6 ay ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2014-cü ilin birinci yarısında ümumi məhsul istehsalı 2013-cü ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artaraq 113.3 milyon manata çatmışdır. Ötən müddət ərzində 14,1 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,4 faiz çoxdur. Sənaye məhsulunun 82,0 faizi qeyri dövlət bölməsində istehsal olunmuşdur.
Hesabat dövründə 37,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Ötən müddət ərzində Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolu istifadəyə verilmiş, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Muğanlı-Yevlax avtomobil yolunun rayondan keçən hissəsinin tikintisi, Göyçay-Ucar avtomagistralının yenidən qurulması işləri uğurla davam etdirilmişdir.
Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
2014-cü ilin birinci yarısında 424 yeni iş yeri açılmışdır.
Hesabat dövründə mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması işləri, Müskürlü kəndində180 yerlik ümumi orta məktəbin, Qəbələ-Müskürlü kəndində 80 yerlik məktəb binalarının tikintisi davam etdirilmişdir.
Toplantıda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak və çıxış etmişdir.