Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Milli Qəhrəman Yuri Kovalyov haqqında çəkilmiş “Azərbaycanlı Yura” filmi nümayiş olunmuşdur

26 iyun 2014 | 15:00

 

26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Göyçay rayonunda Milli Qəhrəman Yuri Kovalyov haqqında çəkilmiş “Azərbaycanlı Yura” filmi nümayiş olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 19-dan 26-dək keçirilən sənədli filmlər həftəsi çərçivəsində Göyçay rayon Mədəniyyət Evində keçirilən filmin təqdimat mərasimində çıxış edənlər bildirmişlər ki, bu filmin çəkilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik ruhunu yüksəltməkdir. Qeyd edilmişdir ki, bütün azərbaycanlılar öz xalqının böyük vətənpərvərlərinin keçdiyi həyat yolu barədə məlumatlı olmalıdırlar.
Tədbirdə Milli Qəhrəman Yuri Kovalyovun həyatı və döyüş yolu barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Y.Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçən Y.Kovalyov 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı 229 nömrəli tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olmuşdur. 1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olmuş və tez-tez Qarabağa ezamiyyətə getmişdir. Ermənilər onun başına böyük məbləğdə pul mükafatı qoymuşdular. 1991-ci il oktyabrın 3-də digər “OMON”çu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Xocavənddən növbəti döyüş tapşırığını yerinə yetirərək geri qayıdan zaman Ağdam ərazisində ermənilərin fasiləsiz olaraq atəşinə məruz qalmışlar. Həmin vaxt Y.Kovalyov “UAZ” markalı maşında aldığı güllə yaraları səbəbindən dünyasını dəyişmişdir. Hərbçi yoldaşı Sergey isə ağır yaralanmışdır. Ermənilər həmin maşına yaxınlaşanda partlayış baş vermişdir. Ölüm ayağında olan Yuri və onun döyüş yoldaşları bir neçə ermənini məhv etmişlər.
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yuri Kovalyova ölümündən sonra Milli Qəhrəman adı verilmişdir.
Çıxışlardan sonra film nümayiş olunmuşdur. Qəhrəmanın döyüş yoluna həsr edilmiş film tamaşaçılara güclü təsir bağışlamışdır.

 

Keçidlər