Vergilər naziri Göyçayda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 30-da vergilər naziri Fazil Məmmədov Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan 40-dan çox vətəndaşı qəbul etmişdir. Nazirliyin idarə və departament, həmçinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən vergilərin hesablanması və ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.
Nazir Fazil Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Müraciətlərin bir qismi yerindəcə həllini tapmış, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.