Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Gül bayramı” keçirilmişdir

11 may 2014 | 15:00

 

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Göyçay şəhərində keçirilən ənənəvi “Gül bayramı” ulu öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın nümayişinə çevrilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar müxtəlif yerlərdən gətirilmiş ətirli gül və çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar meydanı nəhəng bir xalçaya çevirmişdir.
        Bayrama hazırlıq dövründə şəhər ərasizində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməcilik keçirilmiş, yüzlərlə yeni ağac və gül kolları əkilmiş, əvvəl əkilən yaşıllıqlara qulluq göstərilmişdir. Bu işlər çərçivəsində Heydər Əliyev parkına, şəhərin mərkəzi küçələrinin kənarına və sosial obyektlərin ətrafına güllər əkilmişdir ki, bu da şəhərə xüsusi bir gözəllik və yaraşıq verməkdədir. Mayın 10-da rayon sakinlərinin sevimli istirahət guşəsi olan Heydər Əliyev parkını və meydanını milli musiqi təranələri, təntənəli marşların sədaları bürümüşdü. Parkda quraşdırılmış səyyar səhnə bayramın mahnı, rəqs və şənlik mərkəzinə çevrilmişdi. Üzlərdəki sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoş ovqat “Gül bayramı”nın təntənəsi dəqiqələr ötdükcə daha da artırırdı.
       Ümummilli lider Heydər Əliyevin, dövlət rəmzlərimizin gül-çiçəkdən toxunmuş çeşidli lövhələri ulu öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, gənclər, bədii tərtibat ustaları, gənc dizaynerlər sanki bir-birindən fərqli əsərləri ilə nəhəng bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Göyçay rayonundakı idarə və müəssisə kollektivləri canlı və süni güllərdən düzəldilmiş ekspozisiyalar hazırlamışlar. Rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmişdir. Şagirdlərin nümayiş olunan fantaziyaları bayram tədbirində iştirak edən rayon sakinlərinin, çoxsaylı qonaqların diqqətini cəlb etmişdir.
        Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov,  idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri parkı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda minlərlə göyçaylının iştirak etdiyi “Gül bayramı”nda müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portreti, milli mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir. Milli geyimdəki oğlan və qızlar şer və mahnılar ifa etmişlər. Tədbirdə gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif əsərlər arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, güllə işlənmiş maketlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. İncəsənət kollektivlərinin təqdim etdiyi rəngarəng musiqi və rəqslərdən ibarət konsert proqramı tədbiri daha maraqlı və yaddaqalan etmişdir.

Keçidlər