AzKİL çərçivəsində Göyçayda həyata keçirilən "Uşaq bağçasının əsaslı təmiri" layihəsi başa çatmışdır
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Göyçayın Cəyirli kəndində həyata keçirilmiş “Uşaq bağçasının əsaslı təmiri” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Layihə çərçivəsində əsaslı təmir edilərək balacaların istifadəsinə verilən uşaq bağçasında keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, layihənin icma inkişafı və bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL-in Şimal-Qərb zonası üzrə proqram mütəxəssisi Xudayar Gülmalıyev, kənd ağsaqqalları, ziyalılar iştirak etmişlər. Çıxış edənlər bildirmişlər ki, uşaq bağçası təmirsiz olduğu üçün uşaqların burada məktəbəqədərki təhsil alması üçün lazımi şərait yox idi. Dinamik inkişaf edən ölkəmizdə gələcək nəslin sağlam böyüməsi, onların hərtərəfli inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan körpələr evi və uşaq bağçaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması və təlim-tərbiyə prosesində fəal iştiraklarının təmin olunmasıdır. Qeyd edilmişdir ki, ikinci AzKİL çərçivəsində son günlər icrası uğurla tamamlanmış layihələrdən biri də Çəyirli kəndinin uşaq bağçasının əsaslı təmiri olmuşdur. Həyata keçirilmiş bu layihə çərçivəsində uşaq bağçasında 9 otaq, 2 dəhliz tam təmir edilmiş, tavan, döşəmə, qapı və pəncərələr dəyişdirilmiş, binanın ətrafına 42 metr metal çərçivədən və 60 metr uzunluğunda daş hasar çəkilmiş, bir giriş darvazası quraşdırılmış, qida məhsullarının saxlanıldığı anbar, mətbəx və köməkçi otaqlar təmir edilmişdir. Məlumat verilmişdir ki, hazırlıq qruplarında, yataq otaqlarında, mətbəxdə, musiqi və idman zalında, tibb otağında nümunəvi şərait yaradılmışdır. Məktəbəqədər müəssisə zəruri avadanlıqla təmin olunmuşdur. Həyətdə isə uşaq əyləncə vasitələri quraşdırılmış, yaşıllıq salınmışdır.
Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllinə göstərilən diqqətə, eləcə də uşaqların sağlamlığı və təlim-tərbiyəsi üçün kənddə yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq etmişlər. Sonda binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və orada uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olmuşdur. Tədbir uşaqların iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatmışdır.