Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü Göyçay rayonunda böyük ehtiramla qeyd olunub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Ulu Öndərin Abidəsi önünə gül dəstələri düzüblər. İcra Hakimiyyətinin başçısı Mansur Məmmədov xalqımızın görkəmli oğlu, bütün şüurlu həyatını ölkəmizin inkişafına həsr etmiş Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Bildirib ki, Ümummilli liderimiz ölkəyə rəhbərlik etdiyi illərdə bütün sahələrdə sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb. Ötən əsrin 70-80-ci illərində Göyçayın inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sözü gedən dövr ərzində rayonda kənd təsərrüfatının inkişafı, onlarla təhsil, səhiyyə və mədəniyyət ocaqlarının inşası, əhalinin həyat səviyyəsinin yaxşılaşması reallığa çevrilib. Məhz Heydər Əliyev siyasətinin uğurlu davamının nəticəsidir ki, son 11 ildə Göyçay özünün yeni inkişaf mərhələsini yaşayıb. Rayonda davamlı quruculu abadlıq işlərinin aparılması, 15-dən çox yeni məktəb binasının tikilməsi, çox mühüm sosial layihələrin icrası razılıqla qarşılanır. Konfransda “Heydər Əliyev və Göyçay”, “Böyük xilaskar”, “XX əsrin dahi azərbaycanlısı” mövzularında məruzələr oxunub. Rayon məktəbliləri dahi şəxsiyyətə həsr etdikləri musiqili ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda “Böyük ömrün anları” filmi göstərilib.