8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib
Göyçayda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, bacıları və onların həyat yoldaşları ilə görüş keçirilib.
Görüşdə şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadın işçilər, ictimaiyət nümayəndələri iştirak etmişlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini daim uca tutaraq öz mübarizliyi ilə tanınmış, eyni zamanda ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirmiş, döyüş meydanlarında da böyük şücaət göstərmişdir.
Sonra şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Tədbir rayonun mədəniyyət mərkəzinin kollektivinin hazırladığı konsert proqramı ilə davam etmiş və şagirdlər anaya, vətənə, Şəhidlərə, Qarabağa aid şeirlər səsləndirmişlər.