Göyçayda Xocalı Soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir
Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar rayonun idarə, təşkilat və təhsil müəssisələrində Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi xalqımızın qan yaddaşına həkk olunmuş Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Göyçay rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı və "Şuşa il"inə həsr olunmuş sərgi keçirilmişdir. Həmçinin Mərkəzinin əməkdaşı Aytən Zeynalova Xocalı Soyqırımının 30-cu ildönümü münasibətilə Göyçay şəhər 4 saylı tam orta məktəbin şagirdləri üçün "Xocalı, qisasın alındı!" adlı mühazirə ilə çıxış etmişdir.
Göyçay Gənclər Evində Xocalı faciəsindən bəhs edən "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunmuşdur. Gənclərimiz bu filmi izləyərək Xocalıda törədilmiş erməni vəhşiliklərinin bir daha şahidi oldular.
Göyçay şəhər 5 saylı tam orta məktəbdə “Bir şahidin beş şəhidi” mövzusunda Azərbaycan dili fənni üzrə açıq dərs keçirilmişdir. Açıq dərsdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova iştirak etmişdir.
Həmçinin Göyçay şəhər 1 saylı, Bığır kənd tam orta məktəblərində, Göyçay Peşə Liseyində və Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 17 saylı Cəyirli kənd kitabxana filialında “Xocalı qan yaddaşımız" adlı tədbirlər, intellektual oyunlar və rəsm sərgiləri təşkil olunmuşdur.
Tədbirlərdə çıxış edənlər Xocalı soyqırımı haqqında məlumat verərək qeyd etmişdirlər ki, bu soyqırım Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsil mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxarıb. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsil simasını ortaya qoydu. Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
Şanlı ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi, Xocalı faciəsi qurbanlarının da qisasları yerindəcə alındı, vətənimiz yenidən bütövləşdi.
Xocalı Soyqırımının günahsız qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.