44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə tədbir keçirilmişdir
12 fevral 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə şəhid olmuş qəhrəmanlarımızın məktəbli övladlarının iştirakı ilə Göyçay şəhərində görüş keçirilib.
Tədbirdə 4 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair imzalanan Memorandum iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, imzalanan memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.
Memorandumun fəaliyyət istiqamətlərindən və görülən işlər barədə məlumat verildikdən sonra DİM əməkdaşları iştirakçılara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə Mərkəz tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində də məlumat verib. Çıxışlardada saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçılarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 586 ədəd) hədiyyə olunub. Həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.