Göyçayda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi işləri davam etdirilir
10 fevral 2022-ci ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə Göyçay şəhər 7 nömrəli tam orta məktəbin qarşısında və Potu kəndində inşa edilən xatirə lövhələrinin açılışı olub.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyev 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qalmadığını, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Şəhid ailələri və qazilər çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.