05 dekabr 2019-cu il tarixdə Göyçay rayonunda növbəti “Açıq Mikrofon” keçirildi
Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin rayon sakinləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan son islahatlara toxunaraq daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurulması hədəfinə doğru irəliləməyə, keçmiş illərin nə uğurlu səhifələrini, nədəki acı xatirələrini unutmamağa dəvət etdi. Azərbaycanda xalqın iradəsini hökm sürdüyünü vurğulayan M.Səlimzadə ölkənin heç kimdən aslı olmadığını, müstəqil olmaq üçün vətənpərvər, güclü iqtisadiyyata və sarsılmaz siyasi iradəyə malik olmağı qeyd etdi.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən 25 iyul 2019-cu il tarixdə keçirilmiş “Açıq Mikrofon” tədbirində vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verilərək qeyd edildi ki:
1. Rayon Mədəniyyət evinin binasının əsaslı təmiri işlərinə başlanılmışdır.
2. Rayonda barama tədarükü məntəqəsinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdur.
3. Şəhər stadionunda yardımçı otaqlar tikilib istifadəyə verilmişdir.
4. Müskürlü və Qarabaqqal kənd uşaq bağçaları tikilərək istifadəyə verilmiş, 3 nömrəli uşaq bağçasının tikintisinə başlanılmışdır.
5. Şuşa məktəbinin fəaliyyətinin davam etdirilməsi məsələsi nəzarətə götürülmüşdür.
6. İctimai nəqliyyatda etik qaydalara riayət etməyən sürücü barədə təsirli tədbirlər görülmüşdür.
7. Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin təmir işlərinə başlanılmış və avqust ayınadək yekunlaşdırılması nəzərdə tutulur.
8. Şəhərin təmiz saxlanılması ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir.
9. Mərkəzi rayon Xəstəxanasında Diaqnostika Mərkəzi və Hemodializ şöbəsinin yaradılması ilə bağlı Tibbi Sığorta Agentliyinin rəhbərliyinə tövsiyyələr verilmişdir.
10. Rayonda Nəsimi ili çərçivəsində “Nəsiminin 650 illik” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilmişdir. Rayon Gənclər Mərkəzində bir neçə yaradıcı şəxsin yaradıcılıq gecələrinin keçirilməsi ilə bağlı tədbirlər təşkil olunmuş və davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Göyçay rayonunda son üç il ərzində istifadəyə verilmiş, əsaslı yenidən qurulmuş və təmir edilmiş obyektlər, aparılmış abadlıq və quruculuq işləri, hazırda yeni tikintisi aparılan obyektlər haqqında videoçarx nümayiş olundu.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələrinin, rayon sakinlərinin müraciət və təklifləri dinlənildi.
Görüşdə çıxış edən sakinlər əsasən istismara yararsız olan uşaq bağçalarının əsaslı təmir olunmasının, mənzil şəraitinin yaxşılaşdırılmasını kəndarası yolların təmir olunmasını xahiş etdilər. Qaldırılan məsələlərin bir neçəsi yerində həll olundu, müvafiq izahatlar verildi, digərlərinin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilərək nəzarətə götürüldü.
Rayon ictimaiyyətinin nümayəndələri bu cür tədbirlərin davamlı olaraq keçirilməsini təqdirəlayiq hesab etdilər.