Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

29 noyabr 2019 | 16:00

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 29-da Göyçay rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə gənclər qarşısında çıxış edərək IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın sosial-iqtisadi əhəmiyyətindən danışıb.
Ağacəkmə aksiyası zamanı rayonun Çaxırlı kəndi ərazisində ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr salınan nar bağlarına qulluq edib onlardan gəlir götürmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra ilə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz, Yevlax, Astara, Şabran və Xaçmaz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Layihə sosial-iqtisadi əhəmiyyətə malikdir. Belə ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, badam növlərindən olmaqla, ümumilikdə, 26368 meyvə ağacı əkilib və 81 aztəminatlı ailə meyvə bağı ilə təmin edilib.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları ölkənin digər rayonlarında da təşkil olunacaq.
Qeyd edək ki, Göyçay rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA İctimai Birliyi aksiyada iştirak edən könüllülərə və tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildirib.
Aksiyanın keçirildiyi sahənin kənarında konsert təşkil olunub, gənclər rəqs edərək əyləniblər.

Keçidlər