Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir

06 sentyabr 2017 | 16:00

Göyçay şəhərində «Aysel» şadlıq evində ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, rayon ictimaiyyətinin nümayəndələri, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak etmişlər.
Əvvəlcə görüş iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Yığıncağı giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov qeyd etmişdir ki, 2016-2017-ci tədris ilində Göyçay rayon tam orta məktəblərini 882 nəfər şagird bitirmişdir. Onlardan 577 nəfəri 58%-i  ali və orta ixtisas məktəblərində oxumaq üçün sənəd vermişdir. Əvvəlki illərin məzunları ilə birlikdə cəmi 611 nəfər sənəd verilmişdir. 2017-ci ildə 322 nəfər  ali məktəblərə qəbul olmuşdur ki, onlardan da 283  nəfəri 2017-ci ilin məzunu olmuşdur.  Ərizə  vermiş  məzunların   ali   məktəblərə  qəbul  olma  faizi  58%   olmuşdur.Abituriyentlərdən 87 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 2017-ci ildə abituriyentlərdən 15 nəfəri 600-dən yuxarı, 54 nəfəri 500-dən yuxarı bal toplamışlar. Sevindirici haldır ki, 600 baldan yuxarı nəticə göstərənlərdən 5 nəfəri kənd məktəblərinin məzunlarıdır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək bildirmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 600-dən yuxarı bal toplayan gənclərin sıralarının artması bizi çox sevindirir. Bu da onu göstərir ki, gənclərimiz arasında elmə və biliyə olan maraq günü-gündən artmaqdadır. M.Səlimzadə həmçinin qeyd etmişdir ki, umummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına daim diqqət göstərmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün böyük işlər görmüşdür. Bu gündə bu ənənəyə sadiq qalaraq dövlət başçısı İlham Əliyev cənabları təhsilin inkişafını, onun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində səy və bacarığını əsirgəmir. Təhsil islahatlarının və təhsil haqqında qanunun tələblərinin yerinə yetirilməsi bunu deməyə əısas verir. Son illər rayonumuzda təhsilin inkişafı istiqamətində də xeyli iş görülmüşdür. 2984 şagird yerlik 14 məktəb (o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 640 şagird yerlik 3 məktəb) binası, 5 məktəbdə 576 şagird yerlik 32 əlavə sinif otağı inşa edilmiş, 5129 şagird yerlik 8 məktəb binası (o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 940 şagird yerlik 3 məktəb binası)  əsaslı təmir edilmiş və yenidən qurulmuş, Hacağabəyli kəndində 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadəyə verilmiş, Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Hazırda şəhər 2 saylı və Qaraman kənd tam orta məktəblərinin tədris korpuslarında əsaslı yenidənqurma işləri aparılır və təmir işlərinin yeni dərs ilinə qədər başa çatdırılması nəzərdə tutulur.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova tələbələri təbrik edərək onlara hansı ixtisası seçmələrindən asılı olmayaraq, milli-mənəvi dəyərlərimizi üstün tutmağı, vətəni sevməyi, vətəni qorumağı tövsiyyə edərək uğurlar arzulamışdır.
Tələbələr və valideynlər də çıxış edərək tədbirin təşkilinə görə rayon icra hakimiyyətinin başçısına və ölkə təhsinin inkişafına daim diqqət və qayğı göstərdiyinə görə dövlət başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra ali məktəblərə yüksək bal toplayaraq qəbul olmuş tələbələrə rayon İcra Hakimiyyəti başçısı qiymətli hədiyyələr verilmiş və xatirə şəklləri çəkdirmişdir.
Yekunda tədbir rayonun incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.

Keçidlər