Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyəində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

28 iyul 2017 | 16:00

Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yığıncaqda çıxış edərək qeyd etmişdir ki, 2017-ci ilin birinci yarısında Göyçay rayonunda da infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin dah da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin birinci yarısına nisbətən 8,2 faiz və ya 5,5 milyon artaraq 126,3 milyon manat olmuşdur.
Aqrar sahədə də müəyyən uğurlar əldə edilmiş, 2017-ci ilin məhsulu üçün 22324,2 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da ötən ilə nisbətən 1119,2 hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14841 hektar sahədə dənli və paxlalı bitkilər, 433,7 hektar sahədə qarğıdalı, 219 hektar sahədə çəltik, 41 hektar soya, 156 hektar sahədə kartof, 1080,5 hektarda tərəvəz, 5724 hektar sahədə çoxillik otlar əkilmişdir.
Cari mövsümdə 14617 hektar sahədə taxıl biçilmiş, 41,2 min ton məhsul toplanmış, hər hektardan 28,2 sentner məhsul götürülmüşdür. Ötən ilə nisbətən məhsul istehsalı 11,2 faiz, hər hektardan məhsuldarlıq 5,6 faiz artmışdır.
Baramaçılıq sahəsində rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Ötən il rayonda 55 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd tut tingi əkilmişdir. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunur. Cari ildə 44 kumdarla 1900 qram barama qurdu bəslənməsi üçün müqavilələr bağlanılmış, 5293 kq. barama tədarük edilərək tapşırığa 105,9 faiz əməl edilmişdir. Barama tədarükünün həcmi ötən ilə nisbətən 4,6 dəfə çox olmuşdur.
2017-ci ilin birinci yarısında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,3 milyon manat vəsait yönəldilmiş, 5,4 milyon manatlıq tikinti işləri görülmüşdür.     
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
Hesabat dövründə rayon büdcəsinin mədaxil hissəsinə 102,3 faiz, o cümlədən yerli gəlirlər üzrə proqnoza 101 faiz əməl edilmişdir.
İclasda qeyd edilmişdir ki, cari ilin büdcəsində diqqət çəkən əsas məqam xərclərin rayonun daxili imkanları hesabına, respublika büdcəsindən dotasiya alınmadan maliyyələşdirilməsidir. İqtisadi səmərəliliyin artırılması son nəticədə rayonun büdcədən asılılığının azaldılmasına, yerli gəlirlərin çoxalması dotasiyanın verilməsinin qarşısının alınmasına, rayonun özünümaliyyələşdirmə prinsipi əsasında yaşamasına, toplanan vergilərin rayon büdcəsinin tam formalaşmasına imkan verəcəkdir.
2017-ci ilin birinci yarısında şəhərdə təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
Rayonun Ağsu və Ağdaş rayonları istiqamətlərindəki girişləri müasir memarlıq baxımından yenidən qurulmuş, hər iki ərazidə fərdi layihələr əsasında ünvan göstəriciləri inşa edilmiş, yaşıllıqlar salınmışdır. Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq uslubunda vaxt göstəricisi inşa edilmiş, ətrafı abadlaşdırılmış, yeni çəmənlik və gül kolları əkilmiş, gecə işıqlanması təmin edilmişdir. Bu ərazidə həmçinin Göyçay şəhərinə giriş qapıları inşa edilmiş, qapılara şəhərin adı, həmçinin rayonun simvolu olan nar maketi vurulmuşdur.
Şamaxı-Yevlax avtomagistralının Göyçay rayonunun ərazisindən keçən hissəsinin kənarlarında 25 mindən artıq şam, küknar, çinar, tut, qovaq və meyvə ağacları əkilmiş, onlara vaxtaşırı qulluq göstərilmiş və mühafizəsi təmin olunmuşdur.
Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2 km-lik hissəsi yenidən qurularaq genişləndirilmiş dörd zolaqlı olmaqla yeni asfalt örtüyü vurulmuş, həmin ərazidə yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılmışdır. Kərpic zavodunun yaxınlığında fərdi layihə əsasında ünvan göstəricisi inşa edilmiş, yol kənarlarında 4000 p/m səki daşları düzülmüş, 10000 kv.m. artıq sahəyə münbit torpaq daşınaraq çəmən örtüyü salınmış, həmçinin 1500-yə yaxın ağac və bəzək kolları əkilmişdir. Obyektlərin qarşısında 2500 kv.m. artıq mişar daşından divar çəkilərək suvanmış və rənglənmiş, 3000 kv.m. artıq dəmir şəbəkələr quraşdırılmışdır. Göstərilən ərazinin gecə işıqlandırılması təmin edilmiş, müasir tələblərə cavab verən 50 ədəd yeni işıqlandırma dirəyi, obyektlərin qarşısında 200 artıq plafon quraşdırılmışdır.
Bu ərazidə həmçinin ümumi sahəsi 2 hektara yaxın olan müasir tələblərə cavab verən topdan satış meyvə-tərəvəz bazarı da əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Kənd sakinləri topdan satış bazarının istifadəyə verilməsini böyük razılıq hissi ilə qarşılamışlar.
Qeyd edilmişdir ki, Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, kəndlərarası avtomobil yollarının yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir.
Ölkə prezidentinin kənd yollarının tikilməsi ilə bağlı verdiyi tapşırığa müvafiq olaraq «Azəravtoyol» ASC-ti tərəfindən rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Ümumi uzunluğu 17 km., eni 10 metr olacaq yolun  100 min kv.m. çox hissəsinin asfaltlanması nəzərdə tutulur. Yolun  istifadəyə verilməsi kənd sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaqdır.  

Şəhərin Heydər Əliyev prospektində, Həbibi, Şakərəm Qurbanov  küçələrində və 10 çoxmənzilli yaşayış binalarının həyətində 26,5 min kv.m. yeni asfalt örtüyü salınmışdır. Heydər Əliyev parkında, bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılmış, ərazidə yeni inşa ediləcək bayraq muzeyinin təməli qoyulmuşdur. 
Uzun illər diqqətdən kənarda qalmış Əli Kərim adına parkda yenidənqurma işlərinə başlanılmış, yeni giriş qapıları inşa edilmiş, Əli Kərimin abidəsi parkın mərkəzinə daha münasib yerə köçürülmüş, parkda şairlərin dəfn olunduqları ərazi abadlaşdırılmışdır. Parkın ərazisində 5 min kv.m. yaxın ən müasir formalı döşəmə-üzlük tavaları vurulmasına başlanılmışdır.
2500 nəfər tamaşaçı tutumu olan mərkəzi rayon stadionu əsaslı yenidən qurma işləri davam etdirilir, ərazidə yeni basketbol meydançası inşa edilir.
Hesabat dövründə rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Ölkə prezidentinin tapşırığına əsasən uzun illər qəzalı vəziyyətdə, istismara yararsız binalarda yerləşən məktəblər üçün modul tipli binaların quraşdırılmasına başlanılmışdır.
Ötən müddət ərzində rayonun Hacağabəyli kəndində 24 yerlik sinif komplekti,  Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadə verilmiş, Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Hazırda şəhər 2 saylı və Qaraman kənd tam orta məktəblərinin tədris korpuslarında əsaslı yenidənqurma işləri aparılır və təmir işlərinin yeni dərs ilinə qədər başa çatdırılması nəzərdə tutulur.
İclasda qeyd edilmişdir ki, uzun illər səmərəsiz istifadə olunan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi, həmin torpaq sahələrinin suvarma suyu ilə təminatının bərpa edilməsi istiqamətində əməli tədbirlər görülmüş, cari ilin yanvar-iyun aylarında rayonun Kürdşaban və Ləkçıplaq kəndlərinin ərazisindəki təsərrüfatdaxili kollektor-drenaj şəbəkələrinin 11280 p/m-lik hissəsində 31,6 min kub.m həcmində lildən təmizləmə işləri aparılmış, 122,8 km uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş, arxların su ötürmə qabiliyyəti artırılmışdır.
Rayonda aqrar bölmənin aparıcı sahəsi olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılmış, cari ilin yanvar-iyun aylarında 84 hektara yaxın sahədə xurma və nar bağları salınmış, 300 hektara yaxın istixana quraşdırılmış, yetişdirilmiş faraş tərəvəz məhsulu xarici və daxili bazarlara çıxarılmışdır. 
Hesabat dövründə əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və ilk növbədə imkansız vətəndaşların işlə təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, cari ilin yanvar-iyun ayları ərzində 872-i yeni daimi iş yeri açılmışdır.
Ölkə prezidentinin qeyri-neft sektorunda istehsal edilən malların ixracının artırılması ilə əlaqədar verdiyi tapşırığa müvafiq olaraq rayonun emal müəssisələrində müasir bazar tələblərinə uyğun məhsul istehsalı diqqət mərkəzində saxlanılır, ixrac yönümlü və rəqabət qabiliyyətli məhsul istehsalının artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində ciddi iş aparılır. Bütün bunların nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında rayonun müəssisələrində istehsal edilmiş məhsulun 11,8 milyon manatı respublikadan kənara ixrac edilmişdir. Ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi 68,5 faiz təşkil edir. 
Cari ilin birinci yarısında rayonda investisiya mühitinin yaxşılaşdırılması, rayon iqtisadiyyatına investisiyaların cəlb edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilir. 
Rayonun Yalman kəndində Sahibkarlığa Kömək Milli Fondunun və yerli iş adamının vəsaiti hesabına 2000 tonluq soyuducu ambar kompleksinin tikintisinə başlanılmışdır. Yaxın illərdə ambar kompleksi tikilən ərazidə plastik və karton qablaşdırma müəssisəsi, meyvə kampotları istehsalı sexləri, əlavə soyuducu ambar kompleksləri də inşa ediləcəkdir. «AzNar» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmiş keçmiş pamğıq əyrici fabrikinin bazasında yeni istehsal sahələrinin yaradılması istiqamətində yenidənqurma və uyğunlaşdırma işləri davam etdirilir. Bu məqsədlə cəmiyyət fabrikin üç mərtəbəli inzibati və istehsalat korpuslarında 38,2 min kv.m. sahədə əsaslı təmir işləri aparmışdır. Yaxın müddətlərdə bu sahələrdə meyvə qurudulması və karton materiallarının emalı sexləri, çaxır istehsalı sexi və digər istehsal sahələri yaradılacaqdır. Cəmiyyətin ərazisində 2400 kv.m. ərazidə müasir tipli 2500 tonluq soyuducu kameraların tikilməsi nəzərdə saxlanılır. Yeni istehsal sahələrinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə 2000 kvt. gücündə paylayıcı elektrik məntəqəsi quraşdırılır, yeni istehsal sahələrinə xidmət edəcək ərazidaxili kommunikasiyalar yenidən qurulur.   
Yerli iş adamlarının vəsaiti hesabına rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Hesabat dövründə rayonun Cəyirli kəndinin ərazisində regionda ən iri olan tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilmiş, hazırda bu ərazidə inşa edilən yaşıl marketin tikintisində son tamamlama işləri aparılır.
2017-ci ilin birinci yarısında rayon üzrə sənaye məhsulunun 80,8 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir.
Sonda idarə və təşkilat rəhbərlərinin cari ilin birinci yarısında görülmüş işlər barədə  məlumatları dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Keçidlər