Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçaylılar soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər

30 mart 2017 | 16:00

31 Mart - Azərbaycanlıların soyqırımı günü Göyçayda da qeyd olunub.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon rəhbərliyi, idarə və təşkilat kollektivlərinin üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər iştirak ediblər Tədbir iştirakçıları ilk öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə qeyd edib ki, 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
Yığıncaqda Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Şərqşunaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova çıxış edərək xüsusi ilə qeyd edib ki, Göyçay qəzasının ən mühüm yaşayış və işgüzar mərkəzi sayılan Kürdəmir qəsəbəsi, eləcə də eyni adlı kənd ilk olaraq ermənilərin hücumuna məruz qalıb. Həmin dövr iri dəmiryol qovşağı olan Kürdəmir stansiyasının yanında 200 evdən ibarət böyük ticarət qəsəbəsi salınmışdı və burada Şamaxı, Göyçay, Kürdəmir və Bakının tanınmış tacirlərinin evləri və iri ticarət tikililəri - mağazalar, anbarlar, dükanlar və s. var idi. Stansiyadan 3 kilometr aralı yerləşən, Göyçay qəzasının ən böyük və zəngin müsəlman yaşayış məntəqəsi sayılan 2 min evlik Kürdəmir kəndinin əhalisi isə əsasən üzümçülük, bağçılıq və pambıqçılıqla məşğul idi. İstər ticarət mərkəzi kimi Kürdəmir qəsəbəsinin, istərsə də Kürdəmir kəndinin iqtisadi baxımdan vəziyyəti olduqca yüksək, əhalinin həyat tərzi isə çox firavan idi. Təsadüfi deyil ki, ermənilər ilk növbədə Kürdəmiri dağıtmağa, onun ictimai baxımdan daha fəal olan cəmiyyətini zərərsizləşdirməyə qərar verirlər.
Şamaxı qırğınlarından sonra özlərini müdafiə etmək üçün müəyyən hazırlıqlar görmüş Kürdəmir kənd əhalisi çoxsaylı silahlı erməni dəstələri qarşısında cəmi bir neçə saat davam gətirə bilir, daha sonra ailələri ilə birlikdə qaçmağa məcbur olurlar.
Azərbaycan qəzalarının düşməndən azad edilməsi yalnız 1918-ci ilin yayında bolşevik-daşnak Qırmızı ordu qoşunları ilə türk və azərbaycanlı hərbi hissələrdən ibarət Qafqaz İslam Ordusunun Göyçay qəzası ərazisində, Qaraməryəm kəndi yaxınlığında baş verən və hər iki tərəf üçün çox gərgin keçən döyüşlərdən sonra başlanır. Bütün ağırlığına və verilən itkilərə baxmayaraq, məhz Qaraməryəm vuruşları Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən müharibənin gedişini azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olur və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoyur. Göyçay ərazisində başlayan zəfər yürüşləri 1918-ci il sentyabrın 15-də müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad olunması ilə başa çatır.  Azərbaycanlı əhaliyə qarşı bolşevik bayrağı altında erməni quldur dəstələrinin törətdikləri qırğınları təhqiq etmək üçün 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər bu sətirlərin müəllifi tərəfindən Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivində aşkar edildikdə məlum olmuşdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin fotoşəkillərlə yanaşı FTK-nın Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarına dair istintaq materiallarının bir hissəsini də Fransaya, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə göndərmişdir. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri - əsasən qırğınlara məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il faciələri haqqında məlumat əldə etmək mümkün olmuşdur. Parisə göndərilmiş materiallar arasında həmin qəzaların əhalisinə vurulmuş insani və maddi itkiləri əks etdirən aktların olmaması öldürülmüş insanların və dəymiş zərərin ümumi sayını və miqdarını müəyyənləşdirməyə imkan verməsə də, əldə edilən sənədlər Azərbaycanın regionlarında bolşevik bayrağı altında cinayətlər törədən erməni millətçilərinin əsas hədəfinin bütünlükdə Azərbaycan xalqı olduğunu bir daha sübut edir. Bölgələrdə dinc əhaliyə - mahiyyət etibarilə Azərbaycan kəndlilərinə qarşı həyata keçirilən soyqırımı aktları eyni zamanda həmin hadisələri istər öz zamanında, istərsə də bu gün guya sırf hakimiyyət uğrunda aparılan vətəndaş müharibəsi kimi qələmə verməyə yönəlmiş bütün iddiaların tam əsassızlığını göstərir.

Keçidlər