Göyçayda “Konstitusiya və suverenlik ili” çərçivəsində “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib.
Göyçayda 01 avqust 2025-ci il tarixdə “Konstitusiya və suverenlik ili” çərçivəsində “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan ədəbi dilinin saflığına daim diqqət və qayğı göstərmişdir. Ulu Öndər öz çıxışlarında hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun ana dili olduğunu xüsusi qeyd etmişdir. Ümummilli Liderin səyi və təşəbbüsü ilə 1978-ci ildə aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSR-nın dövlət dili Azərbaycan dilidir” maddəsi yazılmışdır.
Tədbirdə çıxış edən respublikanın əməkdar müəllimi Adil Məmmədov Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları Könül Musayeva, Ülkər Abdullayeva bildiriblər ki, 1995-ci ildə qəbul edilən milli konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoyub. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətə başlanılıb, həmçinin dövlət idarəçiliyində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyü təmin edilib.
Sonda videoçarx nümayiş etdirilib.






